About
Muzey ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edən əsərlər toplusudur. İncəsənətin ümumbəşərliyinin təsdiqi kimi, muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltaraşlıq əsərləri də təmsil olunmuşdur.
Azərbaycan avanqardı parlaq və rəqabətə qadir bir olaydır. Bütün avanqardçı rəssamlar kimi, Azərbaycan avanqardçıları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumunu ifadə edir, məkan və əhatənin enerjisini duyaraq, sirli və yeni olanları öz fəhmi ilə araşdırır, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, hər biri özunəməxsus şəkildə yeni estetik gerçəklik yaradır. Yaradıcılıq ideyası ilkin olaraq özünüifadə azadlığını təmin edir, o, standart çərçivədən kənardadır. Avanqard – daim mənəvi azadlığa, yeni dərketməyə aparan yol, intəhasızlıq enerjisi ilə təmasdır. Bu, imkanlarımızın ənginliklərində yeni axtarışlar, ovqatımız, qəlbimizin hərarəti və insaniyyətimiz, təlaş və ümidlərimiz, sonsuz təxəyyülümüz, sərbəst formaların nəhayətsiz ifası, xəttin və ecazkar rəssam nöqtəsinin mücərrəd özünütəmininin tükənmək bilməyən üfüqləridir. Bu, daim təsvirin zahiri formalarının arxasında gizlənən, incəliklərinə qədər duyulan bəşər harmoniyasıdır. Muzeyin daimi ekspozisiyasında məhz bu cür təsviri incəsənət nümunələri nümayiş etdirilir və onlar Rasim Babayev, Mirnadir Zeynalov, Ağa Üseynov, Əşrəf Murad, Gennadi Brijatyuk, Əli İbadullayev, Məmməd Mustafayev, Fazil Nəcəfov, Fərhad Xəlilov, Darvin Vəlibəyov, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Mahmud Rüstəmov, Hüseyn Haqverdi, Fuad Salayev, Eliyar Əlimirzəyev, Rəşad Babayev, Altay Sadıqzadə və bir çox başqa rəssamlarla təmsil olunmuşdur.