10 il Sizinlə / Açıq Qapı Günü
22 Sep 19 > 22 Sep 19
22.09.2019
Açıq Qapı Günü
22 sentyabr 2019-cu il tarixində Müasir İncəsənət Muzeyinin 10- illik yubileyi münasibəti ilə Açıq Qapı Günü keçiriləcək. Həmin tarixdə muzeyə giriş sərbəstdir.
Şəhərimizin sakinlərini və qonaqlarını Müasir İncəsənət Dünyasını kəşf etməyə dəvət edirik!
2009-cu ildə Bakıda Müasir İncəsənət Muzeyi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır.
Muzeyin ekspozisiyasının əsasını XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri təşkil edir.Bu ekspozisiya müşahidələr, axtarışlar və insan ruhunun azadlığını təmsil edir.Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur və konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıqzadədir.
Muzeydə qapalı formalar yoxdur. İki mərtəbə vahid açıq məkanda yerləşmişdir və “unudulmuş pilləkən” obyektilə birləşir. Birləşdirici amillərdən biri də rəngdir: muzey ağ rəngdədir. Sərbəst memarlığı, tirlərin və metal konstruksiyaların düşünülmüş “hərəkəti”, rəsm əsərləri və heykəllərdən ibarət ekspozisiya da daxil olmaqla, bütövlükdə muzey avanqard incəsənətinin nümunəsidir.
İncəsənətin ümumbəşəriliyin təcəssümü kimi muzeydə başqa ölkələrin müasir sənətkarlarının rəsm və heykəltəraşlıq əsərləri də təmsil olunmuşdur: qərb avanqardının nümayəndələri Pablo Pikasso, Mark Şaqal, Salvador Dalinin əsərləri ayrıca zalda nümayiş etdirilir.
Azərbaycan təsviri incəsənətini "xalqın yaddaşı" kimi qiymətləndirmək olar. Burada həmçinin Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Tağı Tağıyev, Nadir Əbdürrəhmanov, Elmira Şahtaxtinskaya, Nadir Qasımov, Oqtay Sadıqzadə, Tokay Məmmədov, Toğrul Nərimanbəyov, Ömər Eldarov kimi fiqurativ incəsənətin klassiklərinin kolleksiyaları da təqdim olunub. Müasir incəsənət muzeyi müasir dövrün son 70 ilin azərbaycan rəssam və heykəltaraşlarının incəsənət əsərini təqdim edən şedevrlər dünyasıdır. Ekspozisiyaların bir hissəsi sovetlər dövründə formalaşan və milli rəssamlıq sənətinin tamamilə başqa bir cərəyanına aid olan "naməlum" təbəqəni özündə əks etdirir. Bu, Əşrəf Muradın, Kamal Əhmədin, Cavad Mircavadovun, Rasim Babayevin muzey tərəfindən qorunub saxlanan unikal əsərləridir. Muzey özündə memarlıq və dizayn, rəssamlıq və heykəltəraşlığı birləşdirən vahid orqanizm kimi nəzərdə tutulmuşdur. Azərbaycan avanqardı parlaq və yaşamağa qabil bir olaydır. Bütün dünyanın avanqard rəssamları kimi, Azərbaycan rəssamları da dünya incəsənəti irsini yenidən dərk edərək, onu öz baxışlarından keçirir, günümüzün ritmləri və durumuna nüfuz edir, məkan və əhatənin enerjisini duyaraq, sirli və yeni olanları öz fəhmilə araşdırır, məhdudiyyət və ştampları peşəkarcasına dağıdaraq, hər biri özünəməxsus şəkildə yeni estetik gerçəklik yaradır. Bu, daim təsvirin zahiri formalarının arxasında gizlənən, incəliklərinə qədər duyulan dünya harmoniyasıdır. Muzeyin daimi ekspozisiyasında məhz bu cür təsviri incəsənət nümunələri nümayiş edilir və onlar Rasim Babayev, MirNadir Zeynalov, Ağa Ousseynov, Əşrəf Murad, Gennadi Brijatyuk, Əli İbadullayev, Məmməd Mustafayev, Fazil Nəcəfov, Fuad Salayev, Fərhad Xəlilov, Darvin Vəlibəyov, Eldar Məmmədov, Mikayıl Əbdürrəhmanov, Müseyib Əmirov, Mahmud Rüstəmov, Hüseyn Haqverdiyev, Elyar Əlimirzəyev, Altay Sadıqzadə və bir çox başqa rəssamlarla təmsil olunmuşdur.
Yaradıcılığın ilkin mərhələsinin nümunəsi kimi uşaq təsviri incəsənəti göstərilmişdir.Muzeyin strukturuna daxil olan Art-kafe və restoran avanqardçı rəssamların ekspozisiyalarının davamıdır. Bundan başqa, muzeydə təsviri incəsənət və memarlıq üzrə kitab mağazası da mövcuddur.