Müasir İncəsənət Zövqü. Kəhrəba Sapların Ehtizazı
03 May 19 > 17 May 19
Latviyalı rəssam İveta Vetsenanenin “Müasir İncəsənət Zövqü. Kəhrəba sapların ehtizazı” adlı sərgisi
03.05. – 17.05.2019
“Müasir İncəsənət Zövqü. Kəhrəba sapların ehtizazı” sərgisinin açılışı 3 may tarixində Müasir İncəsənət muzeyində baş tutacaq. Sərgidə Latviya rəssamı İveta Vetsenane toxuculuq nümunələri və qobelenləri təqdim edəcək. Təşkil edilən sərgi Latviya Respublikasının 100 illiyinə həsr edilmişdir.
Bu sərgi 1-14 May 2019 cu il tarixlərində təşkil ediləcək 3-cü IMAGINE Avro Tolerantlıq Festivalı müddətində baş tutacaq. Festivalın məqsədi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa İttifaqı üzv ölkələrinin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail və İsveçrə səfirlikləri ilə birgə əməkdaşlıq çərçivəsində mədəniyyətlərarası dialoq, müxtəliflik və tolerantlıq dəyərlərini tanıtmağa yönəlib.
İveta Vetsenane 24 sentyabr, 1962 – ci ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olmuşdur. O, 1988 – ci ildə Latviya İncəsənət Akademiyasının toxuculuq incəsənəti bölməsinin məzunu olmuşdur. 2005 – ci ildə eyni fakültənin Magistr dərəcisini bitirmişdir.
İveta heyrətamiz rəssam olmaqla yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən çox pozitiv şəxsdir. Populyar jurnallar üçün məqalələr yazır, uşaq kitablarının müəllifi kimi çox sayda kitablar üçün illüstrasiyalar hazırlayır. 1996 – cı ildən etibarən Latviya Toxucu Rəssamları Assosiasiyasının üzvüdür. Uşaqlıqdan İveta təbiətə bağlılıq hiss edirdi. Yaradıcılığının əsas ana xətti qobelen toxuculuğudur. O, böyük ölçülü əsərlər yaratmaqdan zövq alır. Rəssam öz əsərlərini təzadlı rəng prinsipi əsasında qurur. Onun əsərlərinin əsas mövzusu – su zanbağıdır. Su zanbağı gülü təbiətin üç elementi – yer, su və havanı özündə ehtiva edir.
Onun toxuculuq incəsənətin - qobelen, ipək üzərində rəngkarlıq əsərləri və bəzək əşyalarından ibarətdir. Son yenilik qobelen toxuculuğunda kəhrəba saplardan istifadə edilməsidir. Kəhrəba saplarının tarixi 2006 – cı ildən başlayır. Riqa Texniki Universiteti Biomateriallar və Biomexanika İnstitutunun baş tədqiqatçısı İnqa Lyaşenko qədim Misirdə kəhrəbanın istifadə edilməsi haqqında Qahirədə məqalə tapmışdır: “Qədim Misirdə qan kəhrəba qablarda saxlanılırdı, istifadə edilən material laxtalanmanın qarşısını alırdı.” Kəhrəba sapı təmizlənmiş kəhrəba tozunun poliamid sap ilə qarışımından əldə edilir. Beləliklə tarixdə kəhrəba saplarından istifadə edərək əsərlər yaradan ilk rəssam İveta Vetsenanedir.
1986 – cı ildən etibarən rəssam müxtəlif sərgilərdə iştirak etmişdir. Latviya, Estoniya, Litva, Çex Respublikası, Finlandiya, Rusiya, ABŞ, Almaniya, Lyuksemburq, İtaliya, Ukrayna və digər ölkələrdə fərdi sərgiləri təşkil edilmişdir.
Fərdi sərgiləri:
1992 - ci il – Latviya Tətbiqi İncəsənət Muzeyi, Riqa
2003 - cü il – Estoniya Milli Opera “Estoniya”: “Garden of colors” – Tallin, Estoniya.
2004 - cü il – Valmiera Teatr binasında sərgi (E. Maldere və A. Lenkevics ilə birgə) – Valmiera, Latviya.
2007 - ci il – “Aukso Avis” qalereyası – Vilnüs, Litva
2009 - cu il – Latviya Respublikasının Praqadakı Səfirliyində - Çex Respublikası.
“Makslas Banka” Qalereyası – Riqa.
2010 – “Apsida” qalereyası, Dekorativ incəsənət və dizayn muzeyi, Riqa.
Espoo Mədəniyyət Mərkəzi, Finlandiya
Kukla İncəsənəti Muzeyi, Riqa
“Juras varti” Teatr Evi, Ventspils
“Steklo Rusvuzdizain” qalereyası, Sankt - Peterburq, Rusiya.
O, ARTAPESTRY3 (2012 - 2014) toxuculuq sərgilərində iştirak etmişdir. Burada Danimarka, İsveç, Finlandiya, Latviya və Baltik ölkələri toxuculuq incəsənəti, Litvada “EN -Face” sərgisində əsərlərin beynəlxalq münsiflər heyyəti tərəfindən seçilməsi həyata keçirilir.
Rəssamın əsərləri Latviya Milli İncəsənət Muzeyində, İsveç Eskilstuna şəhər muzeylərində, Baltikyanı ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Qobelen incəsənəti güclü və əfsanəvi tarixə malikdir. Lakin rəssam müasir qobelen zövqünün, onun dünyadakı və insanların həyatındakı yerinin axtarışındadır.
Sərgidə Latviya rəssamı İveta Vetsenane klassik tərzdə olan 20- dən artıq qobelen əsərlərini təqdim edəcək. Əsərlərin arasında kəhrəba saplarla işlənmiş və heç vaxt nümayiş etdirilməyən qobelenlər sərgilənəcək.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 03.05. - 17.05.2019
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN