“Cizgi təranəsi"Səttar Bəhlulzadə
16 Nov 18 > 16 Jan 19
Səttar Bəhlulzadənin yubileyi ərəfəsində “Cizgi təranəsi” adlı fərdi sərgisi
16.11.2018 – 16.01.2019
16 noyabrda Müasir İncəsənət Muzeyi əsaslı təmirdən sonra açılış münasibəti ilə Azərbaycanın Xalq Rəssamı Səttar Bəhlulzadənin 110-illik yubileyi ərəfəsində “Cizgi təranəsi” adlı sərgi keçirir.
Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdur.
Səttar 5 yaşında ikən rəsmə marağı yarandı. Qısa zamanda onun “əsərləri ilə” evinin divarları bəzədilmişdir.
Gənc rəngkarın yaradıcılığı məktəbdəki müəllimlər tərəfindən həmişə bəyənilirdi. “Səttar, sənin bir yolun var - o da rəssam olmaqdır” – onlar deyirdilər.
1927-ci ildə Səttar Bəhlulzadə Azərbaycan Rəssamlıq Texnikumuna daxil olur və elə burada ilk peşəkar rəssamlıq təhsilini alır. 1931-ci ildə texnikumu bitirdikdən sonra o, Əzim Əzimzadənin rəhbərliyi altında “Kommunist” qəzetində rəssam-qrafik kimi işləmişdir.
Təhsilini davam etdirmək üçün, Bəhlulzadə Moskvaya gedir. 1933-cü ildə V.İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunun Qrafika fakültəsinə daxil olur.
Krımda yay təcrübəsi zamanı Səttarın bəzi eskizlərini rus rəssamı Mark Şaqal görüb ona Rəngkarlıq fakültəsinə keçməyi təklif etmişdir.
Səttar Bəhlulzadə - Azərbaycan təbiətini tərənnüm edən və əsasən, öz böyük, lirik mənzərələri ilə tanınan Azərbaycan rəngkarıdır. O, Müasir Azərbaycan mənzərə rəngkarlığının, eləcə də Azərbaycan impressionizminin yaradıcılarından sayılır.
Rəssam, rəngkarlıq əsərləri ilə bərabər, qrafik əsərlər də yaradırdı. Rəssamın bu əsərləri klassik tamamlanmadan başqa, öz improvizə gücü ilə diqqəti cəlb edir.
Səttar, ömrünün son on ilini əsərlərinə mənəvi məna verməyə meyl edirdi. O, hesab edir ki, bu məna hər bir sənət əsərində olmalıdır. Onun mənzərələrinin əsasını açıq rənglərin sintezi təşkil edirdi.
Bəhlulzadə yaratdığı hər əsərə uzun müddət sərf edirdi. Onun əsərləri arasında qış mənzərələrinə təsadüf etmək olmur. Qış mənzərəsi rəssamı çox az maraqlandırırdı. Bu müddətdə o, emalatxanada vaxtını keçirirdi. Burada o, yay etüdləri əsasında yeni əsərlər yaradır və ya, yarımçıq qalan əsərləri tamamlayırdı.
1973-cü ildə Səttar qan zəhərlənməsi nəticəsində çox ciddi xəstələndi. O, dostlarının köməyilə müalicə məqsədilə Moskvaya göndərildi və burada əməliyyat olundu. 1974-cü ildə rəssam dünyasını dəyişdi. Rəssam, doğma Əmircan kəndində dəfn olunmuşdur.
Rəssamın anadan olduğu və həyatının uzun bir hissəsini keçirdiyi Əmircanda ev-muzey açılmışdır. Burada onun şəxsi əşyaları və əsərlərinin nüsxələri nümayiş olunur.
Bəhlulzadənin əsərləri Respublika, Ümumittifaq habelə, Bakı, Tiflis şəhərlərində, Misir, Əlcəzair, İraq, Tunis, Livan, Suriya, Fransa, Belçika, Norveç, Çexiya, Almaniya, Bolqarıstan, Macarıstan, Rumıniya, Kuba, Yaponiya, Kanada və s yerlərdə fərdi sərgilərdə nümayiş olunmuşdur.
“Cizgi təranəsi” adlı sərgidə rəssamın heç vaxt sərgilənməmiş şəxsi kolleksiyadan olan qrafik əsərləri təqdim olunacaq.
Sərgiyə gələn qonaqlar dahi sənətkar Səttar Bəhlulzadənin 130-dan çox nadir əsərlərindən ibarət ekspozisiyaya tamaşa edə bilərlər.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 16.11.2018 – 16.01.2019
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN
Tələbələr üçün : 2 AZN